"Yaşasın ölmək"
Gənc yazar Seyid Raminin "Yaşasın ölmək" adlı ilk kitabı nəşr olunub. Kitabda yazarın müxtəlif vaxtlarda yazdığı miniatürlər, etüdlər, hayqular və kiçik həcmli şeirləri toplanılıb. Bu barədə "OLAYLAR"a müəllif özü məlumat verib.
Kitaba şair-publisist Əvəz Qurbanlı, tənqidçi Əsəd Cahangir redaktorluq edib.
Qeyd edək ki, 2005-ci ildən bədii ədəbiyyatla məşğul olan Seyid Ramin hazırda Bakı İslam Universitetinin İslamşünaslıq fakultəsində təhsil alır. "Yaşasın ölmək" adlı kitabda cəmiyyətin müxtəlif hadisələrinə ironiyalı münasibət ifadə olunub.
Baxış sayı: 9
Açar sözlər:
Metrodakı dərvişlər
Əvvəlcə gördü ki, toyunun qurtarmağına lap az qalıb. Artıq zalda “Vağzalı” çalınır, o da yavaş-yavaş dəhlizdən bayıra tərəf addımlamağa başlayır. Amma bir anlıq dayanıb gözləriylə axtarsa da, yanında öz gələcək həyat yoldaşını - gəlinini tapa bilmir, bu hadisədən çox məyus olur, heç özü də bilmədən bir başrestorandan bayıra çıxır.
Restoranın qapısından həyətə çıxandan sonra birdən görür ki, toyu olduğu bayaqkı dəbdəbəli restoran, indi hansısa sınıq-salxaq bir polis bölməsidir. Sonra kimsə ona deyir ki, nə dayanmısan, tez get min gəlin maşınına.
Gəlin maşınının yerində isə yekə bir avtobusdur. Fikirləşir ki, bu, gəlin maşınına o qədər də bənzəmir. Çarəsiz qalıb kor-peşman avtobusa minir. Qalxıb sol tərəfdəki arxa oturacaqların birində oturur, heç nə olmamış kimi sakit halda pəncərədən bayıra baxmağa başlayır. Bu dəfə o, pəncərədən tamam başqa, özünün belə tanımadığı yad bir məhəlləni görür. Qəribədi. Amma toydakı qohumlar indi nədənsə gözə dəymirdi. Sonra fikirləşir ki, görəsən bütün bunlar birdən-birə hara yoxa çıxdılar? Bir də ki, o, görəsən indi hara gedir?
Az keçmədən gəlin maşını - avtobus sürücüsüz, özü-özünə işə düşüb yola düzəlir. Heç beş dəqiqə keçməmiş gəlib hansısa qaranlıq tunelə girərək bir göz qırpımında metro qatarına çevrilir. Qatar davamlı şəkildə “tataq-tataq, tataq-tataq” səsi çıxardaraq daha da sürətlə getməyə başlayır. Bir az sonra isə yavaş-yavaş sürətini azaldır. Elə bu vaxt birdən qatarın harasındansa “ənəl həqq, ənəl həqq” sədaları gəlməyə başlayır.
Əvvəlcə, o, elə bilir ki, yəqin kimsə öz mobil telefonunda “Nəsimi” filminə baxır. Amma nə qədər o yan-bu yana nəzər yetirsə də vaqonda özündən başqa bir kimsəni görmür. Sonra naməlum istiqamətdən gələn çox kobud bir kişi səsi kəmhövsələliklə növbəti stansiyanı elan edir: “Növbəti stansiya Nəsimi”. Elə bu an qatar hansısa bir stansiyaya çatıb dayanır və vaqonun qapıları açılır. O da heç nəyi başa düşməyib qeyri-ixtiyari vaqondan çıxır bayıra. Onun arxasındakı qatar isə əriyib suya dönür və qatar yoluna tökülür. Baxanda bu qatar yolunu hansısa balaca bir çaya da bənzətmək olardı…
Bu metro stansiyası sanki o biri stansiyalardan xeyli dərəcədə fərqlənirdi. Stansiyada heç bir yazı, işarə, reklam və sairə bu kimi şeylər yoxdur. Yalnız saat var. Saat da elektron yox, taxtadan yonulub düzəldilmiş (əl işinə bənzəyən) kəfkirli bir saatdır. Amma saatın üstündə heç bir rəqəm gözə dəymirdi, təkcə saatın insan əlinə oxşayan əqrəblərindən başqa. Onlar da yavaş-yavaş, biri-birinə çatmadan aralarındakı məsafəni saxlayaraq fırlanırlar. İlk baxışdan bu əqrəblərin fırlanmağı, adama Mövləvi səmazənlərinin səma rəqsi edərkən fırlanmağını xatırladır. Saatın kəfkiri də öz işindədir, aramla o tərəf-bu tərəfə yellənir. Ancaq kəfkir “çaq-çuq” səsi əvəzinə, “hu-hu” səsini çıxardır. Stansiyanın hər iki başındakı eskalatorların hamısının pilləkənləri ancaq yuxarıya işləyir.
Stansiyanın ortasındakı tavanın da yarısı yoxdur və buradan da açıq səma görünür. Görəsən tavandakı bu əcayib enlikdə deşik nədi belə? Bəlkə də bu heç deşik də deyil. Axırı hər nədisə sanki bura adama az qala qırx beşinci ilin Almaniyasını, yaxud Berlinini xatırladır. Elə bil Qızıl ordunun hansısa bir diviziyası buranı yüngülvari top atəşinə tutub. Atılmış topların yeri də eləcə səliqəylə tavanda qalıb. Haçansa topların atəş zərbəsindən tavandan tökülən daş-kəsək metronun bu başından ta o biri başına qədərki yolu pis kökə salıb. Burada həmçinin naməlum, təzə bir qəbiristanlıq da var. Hiss olunur ki, burdakı qəbirlər təzədir və onların üstü al qırmızı gül-çiçəklərlə örtülüb. Görəsən bunlar kimlərin qəbirləridir?
O, dayanmadan stansiyanı o baş-bu baş gəzib, ətrafına baxmağa başlayır. Amma ətrafda bir kimsəni görmür. Stansiyada heç kəs gözə dəymir. Sakitçilikdir. Bir anlıq dayanıb fikirləşir ki, görəsən toyumdan çıxıb niyə birbaş bura gəldim? Bunda məqsəd nədir? Toy qurtarandan sonra mən öz evimə getməliydim. Bəlkə də bura elə mənim evimdir, bu kökə düşüb. Sonra da fikirləşir ki, yox, bura dünyasında onun evi ola biməz. Buna yüz faiz əmindir. Elə bu an naməlum bir kimsə onu heç bir şey fikirləşməyə qoymur, ona haradansa təsir edir. O da əlacsız qalıb təzədən bayaqkı dayanacağa qayıdır. Amma buraya qayıtmasını yenə də anlaya bilmir.
Dayanacağa çatanda görür ki, burada beş nəfər uzun saç-saqqallı qəribə adam dayanıb söhbət edirlər. İlk görünüşdə bu adamları köhnə ensiklopediyalardakı Qədim Yunan mütəfəkkirlərinə bənzətmək olardı. Amma oxşarlıq təkcə elə saç-saqqaldadır, başqa şeydə yox.
Onların əyinlərində köhnə və iki-üç yerdən yamaqlı boz əba var. Bunlar çox güman ki, dərvişlərdir. Bəlkə də bunların heç biri dərviş deyil. Ancaq nədənsə ona elə gəlir. Dərvişləri ömründə birinci dəfə gördüyündən yaxın gəlib maraqla onlara baxmağa başlayır.
Dərvişlərin doğrudan da qəribə görkəmləri var. Ona heç fikir verməyən dərvişlərin hamısının ağızları tərpənir. Amma səsləri və nə dedikləri qətiyyən eşidilmir. Onların sağ əllərində dənələri bəlkə də qoz boyda olan və aramla çevirdikləri taxta təsbehlər var.
Qoltuqlarında isə köhnədən qalma üzü dəridən olan tünd qəhvəyi rəngli bir kitab var. Kitabın görünüşündən hiss olunurdu ki, çox qədimidir.
Bu stansiyanın sükutunu daima saatın kəfkirinin və dərvişlərin əllərindəki təsbehlərin səsi pozur. Bu səslərdən savayı stansiyada başqa heç bir səs eşidilmir.
Təxminən on dəqiqə sonra dayanacaqdakı dərvişlər əvvəlcə qatar yolunun üstündən asılmış kəfkirli taxta saata baxırlar. Əvvəlcə nəsə fikirləşib, sonra hamısı biri-birinə nəzər salır. Daha sonra onlar biri-birinin ardınca qatar yolunun üstündəki çaya bənzəyən suya tərəf irəliləyir. O isə dərvişlərin bu naməlum hərəkətindən heç nə anlamır və ürəyində belə fikirləşir ki, indi bunlar ayaqlarını suyun üzərinə qoyan kimi tappıltıyla düşüb suda boğulacaq. Əcəlləri çatıb yəqin. Elə bu vaxt dərvişlərdən biri qəflətən ayaq saxlayıb dayanır və çevrilib qəribə bir nəzərlə ona baxmağa başlayır.
Onların hər ikisi bir anlıq beləcə sakit nəzərlərlə baxışırlar. Sonra dərviş ağzını tərpətmədən ona:
- İndi biz bu yolla gedirik, amma sən getdiyimiz yolla arxamızca gəlmə, çaşıb heç buna cəhd də göstərmə! – deyir.
O isə dərvişin nəyə görə bu sözü dediyini anlamır. Dərvişə nəsə deməyə çalışsa da heç nə alınmır. Çünk onun ağzını elə bil kimsə tutub saxlayıb. Dərviş isə öz sözünü deyib heç cavab da gözləmədən üzünü çevirib, ayağını suyun üzərinə qoyaraq qatar yolu istiqamətində irəliləməyə başlayır. O biri dərvişlər də öz mürşidlərinin bu hərəkətini təkrar edir. Bir azdan sonra onlar qaranlıq tunelin içinə girib gözdən itir. Onun isə heyrətdən gözləri bərəlir. Nəyin baş verdiyini tam anlamır. O, hələ də özünə gələ bilmir. Çaşqınlıq içində qalır.
Əvvəlcə gözlərinə inanmayıb eytiyyatla qabağa gələrək, qəribə nəzərlərlə qaranlıq tunelə baxır, lakin orada heç bir şey görünmür. Sonra isə o, üzünü aşağıya çevirib diqqətlə suya baxır. Suyun isə dibi görsənmir, yəqin dərindir. Fikirləşir ki, bəlkə də bu su sehrlidir. İstəyir bayaqkı dərvişlər kimi o da ayağını suyun üzərinə qoyub qaranlıq tunelə girsin. Birdən yadına bayaqkı dərvişin sözü düşür. Bilmir ki, neyləsin. Sonra dərvişin sözünü qulaqardına vurub ayağını suyun üzərinə qoyan kimi suya düşür. Üzə bilmədiyindən çapalamağa başlayır. Suyun içində ayaqlarını kimsə əliylə tutub aşağı dartır, onu boğmaq istəyir. Nə qədər əl-qol atsa da onun əlləri bəzən elə yuxularda olduğu kimi çox asta hərəkət edir. Çox cəhd edir ki, üzüb suyun üzünə çıxsın, amma görür ki, yox, daha heç nə alınmır. Özü-özünə fikirləşir ki, yəqin əcəli çatıb. Ona görə də daha cəhd etməyib çapalamağı buraxır və əlacsız qalıb öz taleyi ilə barışmalı olur. Bu an fikirləşir ki, bunların hamısı bəlkə də onun haçansa etdiyi günahlarının nəticəsidir, indi onun qarşısına çıxır. Amma nə qədər fikirləşirsə ən son hansı günahı etdiyini yadına sala bilmir.
Onun ayaqlarını bərk-bərk tutub buraxmayan naməlum əllər də öz işindədir. Onu elə hey dartıb özüylə suyun hansısa dərinliklərinə aparır. Köməyə çağırmağa bir kimsə də yoxdur. Ürəyində özünü söyüb-biabır edir, bayaqkı dərvişin sözünə baxmadığına görə özünü yaman qınayır. Artıq yavaş-yavaş nəfəsi də kəsilməyə başlayır. Sonuncu dəfə qışqırmaq istəyir. Nə olar, olar. Lakin görür ki, bu da faydasızdır. Çünki qışqırsa elə o an ağzına su dolar, nəfəsi də daha tez kəsilər.
Kimsə onu arxadan qucaqlayıb yuxarı çəkməyə başlayanda, o diksinib yerindən dik atıldı. Bir anlıq hələ də nəyin baş verdiyini anlamadı, heç nəyi başa düşmədi. Sakitlikdi və hər şey də öz qaydasında idi. Hansısa təhlükədən sovuşmuş adam kimi onu soyuq tər basmışdı. Sanki həyata təzədən, ikinci dəfə gəlmişdi.
Yerindən dikəlib oturdu və ürəyində fikirləşdi ki, Allaha çox-çox şükürlər olsun. Yaxşı ki, bütün bu bayaqkı həngamələri o yuxuda görürmüş. Nədənsə hələ də bayaqkı yuxunun təsirindən ayıla bilmirdi. Görünür bu əcayib yuxu ona yaman təsir etmişdi. Sonra da fikirləşdi ki, son zamanlar öz yuxularında o, tez-tez əcayib-qərayib metrolar görür. Amma dərvişləri isə deyəsən birinci dəfəydi görürdü.
Az sonra heç nə olmamış kimi “Allah özü xeyir eləsin” deyib başını yastığa qoydu və sifətinin tərini silərək nəsə fikirləşməyə başladı…
…Daha o bilmirdi ki, sonralar yuxusunda tez-tez astadan uçan sərnişin təyyarələrini görəcək. Və onlar o qədər astadan uçacaq ki, hətta pilotların gözlərində əks olunan yorğunluq əlamətləri də görünəcək.
Haradan biləydi?
Baxış sayı: 8
Açar sözlər:
Corcun başına gələnlər
Bir vахt ki çıхır оrtаlığа gizli siyаsət,
Putin bizi аşkаrdа görür, Buş yuхusundа!
(Əvəz Qurbanlı)
2008-ci ildə ABŞ-da növbəti prezident seçkiləri keçirildi. Bu seçkilərdə ilk dəfə olaraq qara dərili prezident əslən keniyalı və müsəlman əsilli Barak Huseyn Obama seçildi. ABŞ-ın hal-hazırkı ağ dərili prezidenti Corc Buşun səlahiyyətləri isə başa çatıb və C.Buş artıq “Ağ Evi” Barak Obamaya təhvil verib.
Bu arada isə bəzi siyasəttökənlərin siyasi əttökənləri belə hesab elədilər ki, C.Buş ən uğursuz ABŞ prezidenti kimi tarixə düşüb. Onun yürütdüyü işğalçılıq siyasəti, Əfqanistana və İraqa elədiyi hərbi hücumlar ən biyabırçı siyasətdir. Güya ki, Corc Buş ona yönələn ümidləri doğrultmayıb. Bəli, bunu C.Buşun özü sentyabrın 14-ü Bağdadda keçirilən mətbuat konfransı zamanı İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşərkən də etiraf elədi. Onun minnətdarlıq əlaməti kimi iraqlı jurnalistin “Bu əlvida öpüşüdür, it!” deyərək C.Buşa tulladığı ayaqqabıları Şərqin ən böyük hədiyyəsi idi. Bu ayaqqabılar C.Buş üçün əsl "sürpriz" olub. Çox təəssüf ki, bu ayaqqabılar C.Buşa dəyməsə də ondan bir neçə metr aralı düşüb. Həmçinin ayaqqbılardan biri C.Buşun düz başı üstündən uçaraq, onun arxasındakı divara çırpılıb. C.Buş özünü itirməyərək, gülümsəməyə çalışıb. Bu vaxt Buşun yanında dayanan İraqın baş naziri Nuru əl-Maliki isə ABŞ prezidentinin qarşısını əli ilə tutmağa çalışıb. Amma nə fayda?! Mühafizəçilər isə dərhal “terrorçu” jurnalisti əhatəyə alıb və zaldan çıxarıblar”...
Yeri gəlmişkən, hadisəyə münasibət bildirən Corc Buş zarafatından da qalmayıb: “...deyəsən çəkmələrin ölçüsü 10 idi (Avropa standartlarına görə 43). Hər halda bu maraqlı idi. Mən dünya ölkələrinə səfərlərim zamanı qəribə şeylər çox görmüşəm. Bu hadisə də ən qəribə hadisələrdən biridir və mən heç bir təhlükə hiss etmədim”...
Güya ki, respublikaçı Corc Buş ona yönələn ümidləri doğrultadı və bu ümidləri yeni seçilmiş ABŞ prezidenti demokrat Barak Obama bu səhvləri təkrar etməyəcək. Amma təbii ki, bu ABŞ-ın işğalçı siyasətinə sadəlövh yanaşmadır. Çünki, ABŞ-ın prezidentlik kürsüsünə gələn prezidentlər idarə etmirlər. Bu prezidentlər yalnız ABŞ Deportament İnstitutunun yüzillik işlənib hazırlanmış planlarını icra edirlər. Yəni, ABŞ-ın Əfqanıstana və İraqa hücümü C.Buşun yürütdüyü səhv siyasəti deyil, məhz ABŞ-ın yüzillik planlaşdırılmış siyasətidir. Bu planlaşdırılmış siyasəti C.Buş icra etməsəydi, onsuz da digər bir prezident gəlib onun “səlahiyyətlərini” icra edəcəkdi.
Mənsə (dinindən dönən) Barak Obamanın da Buşun yeritdiyi daha doğrusu ABŞ-ın planlaşdırılmış yüzillik siyasətini icra edəcəyini yəqin bilirəm. Necə deyərlər: İlanın ağına da lənət, qarasına da.
Baxış sayı: 7
Açar sözlər:
Bizdə niyə olmasın?!
İnternetdə nəsə başqa bir şey axtardığım zaman qarşıma yazar Elnur Astanbəylinin bir yazısı çıxır. Çox güman ki, bu yazı “Alma” qəzetinin ötən saylarının birində “Bayraq Konstitusiyaya qarşı" adı ilə dərc edilib.
Yazıda Elnur Astanbəyli guya konstitusiyaya əsaslanıb təxminən belə buyurur ki, Azərbaycan dünyəvi dövlət olduğundan və din dövlətdən ayrı olduğundan onun bayrağından İslamlaşmanın rəmzi olan - yaşıl rəng çıxardılmalıdır. “...Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olduğu yazılıb. Bəs onda xeyir ola, dövlət bayrağının üç rəngindən biri yaşıldır, yəni özündə İslamlaşmanı ifadə eləyir? …Dövlət dindən ayrıdırsa, onun atributlarında dinin nə işi var? …Uzun sözün qısası, ya İslamlaşmanı ifadə edən yaşıl rəng bayraqdan çıxarılmalıdır, ya da durub səmimi şəkildə etiraf etməliyik ki, dünyəvi dəyərlər bizim yemimiz deyil, biz demokratiyadan çox-çox uzaq müsəlman dəyərləri arasında özümüzü daha rahat, xoşbəxt hiss edirik”. Uzun sözün qısası, E.Astanbəyliyə görə Azərbaycan Konstitusiyanın 46-cı maddəsinə əsasən Azərbaycan bayraqından yaşıl rəng çıxardılmalıdır, vəssalam.
Müəllif davam edir: “Götürək himnimizi. Himnin mətnindəki sözlərin yarıdan çoxunun Azərbaycan dilinə heç bir dəxli yoxdur. Türk, ərəb sözlərindən yığılma bir himndir. …Bu himn doğrudan dəyişməlidir. Dünya bilgi, internet çağını yaşayır, beyin savaşı aparır, bizim himndə isə hələ də qan tökməkdən söhbət gedir. Gedin istənilən ölkənin himnini tapın oxuyun, görün hansında "qan" sözü var? Bu, heç kimə xırda məsələ görünməsin. Hansısa xarici himnimizin mətnini öz dilində oxusa, bizim haqqımızda ağlından ilk olaraq nə keçəcək?”
Əvvəla onu demək istəyirəm ki, E.Astanbəylinin qan iyi verən bu köşə yazısında xüsusən İslam dininə ədalətsiz və qərəzli şəkildə açıq-aşkar nifrət duyulur. Çünki, E.Astanbəyli əgər ədalətli və qərəzsiz şəkildə mövqe tutsaydı, təkcə yaşıl rəngin yox, elə (türkləşmənin rəmzi olan) mavi rəngin də Azərbaycanın dövlət bayrağından çıxardılması fikrini irəli sürərdi (çünki, Azərbaycan dünyəvi bir dövlət olduğu halda eyni zamanda həmçinin tolerant və qloballaşan ölkədir və bu ölkədə türklərdən əlavə başqa xalqlar da yaşayır). Deməli E. Astanbəyli obyektiv və ədalətli mövqe tutmayıb. Çox təəssüf. Amma nə isə, mənim bununla işim yox...
Mənim “Alma” qəzetinin qərəzli şəkildə İslam dininə bəslədiyi mənfi münasibətdən, yeri gəldi-gəlmədi İslam dinini təhqir edən “azad təfəkkürlü” yazılar yazmasından, bu qəzetin hansı dairələrdən maliyyələşməsindən yazmaq fikrim yoxdur. Qətiyyən! Heç mənim bu yazını yazdığına görə E.Astanbəylini söymək, onun elektron poçtuna gizli imzalar ilə təhqir dolu və hədələyici məktublar yazıb göndərmək, onu kimdənsə “sifariş” alıb bu cürə yazıları yazmaqda qınamaq, onu dar ağacından asmaq, daş-qalaq etmək, öldürmək fikrim də yoxdur. Mən bu məsələ ilə əlaqədar sadəcə E. Astanbəyliyə açıq-aşkar bir-iki şeyi xatırlatmaq istəyirəm. Çox yox, elə cəmi bir-iki şey...
E.Astanbəyliyə onu xatırlatmaq istəyirəm ki, bu gün dünyada adını yalan-doğru demokratik qoyduğumuz bir sıra ölkələr var ki, onların dövlət atributlarında (bayraq, gerb, himn və s.) həmin ölkəyə mənsub olan dini rəmzlər yer alıb (məsələn, Böyük Britaniya, İsrail, Türkiyə və s.). Həmən bu ölkələr baxmayaraq ki, bütün dünyada demokratik, tolerant və dünyəvi ölkələr kimi tanınırlar və bu ölkələrdə də din dövlətdən ayrıdır. Bəs yaxşı, bunlar əgər dünyəvi ölkədirlərsə, onda bu ölkələrin dövlət atributlarında nəyə görə dini rəmzlər var?
E.Astanbəyli digər bir yazısında etiraf eləyərək buna absurd formada haqq qazandırır ki, bəli “Avropanın sivil dövlətlərinin də bayrağında xaç təsviri var. Amma bu, onların dünyəviliyinə mane olmur”. Belə çıxır ki, dini rəmzlər onların bayrağında dünyəviliyə mane olmur, ancaq bizimkində mane olur?!
Bir də ki, dövlət atributlarında dinin rəmzi pisdirsə onlarda niyə var? Yox əgər yaxşıdırsa, onda bəs bizdə niyə olmasın?!
Baxış sayı: 7
Açar sözlər:
Seyid Ramin: “Əruz da şeirdir, heca da, sərbəst də. Bunları biri-birindən ayırmaq düzgün deyil”.
- Son zamanlar belə bir fikir var ki, şeir heç bir vəzndə, hecada, əruzda yazılmamalıdır. Sərbəst olmalıdır. Yəni, fikiri çərçivəyə daxil etmək olmaz. Buna münasibətin?
- Xeyr, bu heç də belə deyil. Əruz da şeirdir, heca da, sərbəst də. Bunları biri-birindən ayırmaq düzgün deyil.
- Hər halda vaxt baxımından sərbəst şeir daha sərfəlidir, oturub onu ölçü daxilinə salmırsan, elə düşündüyün şəkildə yazırsan...
- Mən razı deyiləm, istedadlı adam üçün elə əruzda yazılan şeir də hazır şəkildə, bəhrdə gəlir.
- Bu lap meyxanaçıların “bədahət”inə oxşadı…
- Yox, bədahətən deyəndə, əgər fikrin varsa və oturub şeir yazmaq istəyirsənsə, yaxud daxilində hər hansı bir duyğu varsa o yazılmalıdır. Vallah, mən başqa nə cür deyim?! (gülür)
- Hitlerdən soruşurlar ki, ən qorxulu silah nədir? O, “qələm” – deyə cavab vermişdir. Sənin silahın nişangahı kimlərdir, sən kimləri hədəfə almısan?
- Elə hədəfə aldığım adamları…
- Bəlkə bir az dəqiqləşdirəsən?
- Ədəbiyyatda azərbaycançılığa yad olan qüvvələri.
- İndi əksər adamlar İslami yazılardan qaçır və əksinə, anti-İslami yazılar yazır. Sən onlara cəsarətlə cavab yazırsan. Bu cəsarətin mənbəyi haradır?
- Maraqlı sualdır. Əslində təbii qarşılanmalıdır, çünki müasir cəmiyyətdə belə şeylər olur. Göstərdiyim cəsarətin mənbəyi elə özümdən gəlir.
- Bir də yəqin ki, İslamdan.
- Bəli, ixtisasım da İslamşünasdır, bəlkə elə oradan irəli gəlir?!
- Qələminin ucunda bir sözlük mürəkkəb qalsaydı, hansı sözü yazardın?
- Məncə “Bismillah” sözünü yazardım.
- Bir şərqli kimi Şərqə və Qərbə münsibətin?
- Bir şərqli kimi Şərqə və Qərbə münasibətim çox normaldır. Qurani-Kərimin, səhv eləmirəmsə, Əl-bəqərə surəsində deyilir ki, Şərq də, Qərb də Allahındır. Amma bir mədəniyyət olaraq Şərq mədəniyyətini Qərb mədəniyyətindən daha üstün tuturam, çünki Şərq mədəniyyəti olduqca zəngindir.
- Məşhurlardan biri demişdi ki, Şərqdə İslam var, amma müsəlman yoxdur, Qərbdə isə İslam yoxdur, amma müsəlman var. Bu fikirlə razısan?
- Yox, Qərbdə də, Şərqdə də kifayət qədər müsəlman var…
- Yox, düzgün anlamadın… Bunu deyən adam onu nəzərdə tuturdu ki, Qərbdə Allaha inanıb, ona ibadət edənlərin sayı Şərqə nisbətən daha çoxdur.
- Yox, mən elə deməzdim, bu gün Qərbdə də xeyli müsəlman var.
- Azərbaycan ədəbiyyatını təmsil etmək üçün bizim hansı yazarları layiq bilərdiniz?
- Müstəqil dövrdür, kim istəsə çıxa bilər.
- Qurani-kərimdə yazılıb ki, şeir yazmaq günahdır, çünki orada yazılanların çox yalan olur. Sən ki, dindarsan. Sənin şeirlərində yalan yoxdurmu və səz onları yazarkən günah eləmirsənimi?
- Mən dindar yox sadəcə olaraq müsəlmanam. O ki qaldı suala, xeyr, mən elə fikirləşmirəm. Şeir yazmağın günah olması ilə bağlı Qurani-Kərimdə hçe bir ayə və ya surə yoxdur. İslam dini şeir yazmağa çox normal baxır. Qurani-Kərimdə şairlərə həsr olunmuş “Şüəra” surəsi var, amma burada Həzrəti Məhəmməd (s.ə.v.s.) həcv edən şairləri məzəmmət eləyir. Bir də məsləhət görürəm ki, Qurani-Kərimi diqqətlə oxuyun.
- Mən bu yaxınlarda sənin bir yazını oxumuşdum, İzzət Bağırovun kitab yazmağı ilə bağlı bir yazı yazmışdın. Deyirdin ki, sən onun kitab yazmağına inanmırsan. Nəyə görə? Axı bu normal bir haldır?! Maddi imkanı varsa, kitab yazmaq istəyirsə niyə də yazmamalıdır axı? Sən sadəcə olaraq, ürəyin istəmirsə, onun kitabını alıb oxuma.
- Mən yazıda da qeyd eləmişdim ki, bütün dünyada belədir: Yazıçı kitab yazır, müğənni mahnı oxuyur. Yəni heç vaxt ola bilməz ki, yazıçı mahnı oxusun, müğənni isə kitab yazsın. Hərənin öz peşəsi var. O ki qaldı İzzət Bağırovun kitab yazmağına, mənə inandırıcı gəlmədi. Mənə elə gəlir ki, onun heç elə vaxtı da yoxdur ki, oturub kitab yazsın. Özü də kitab peyğəmbərlər barədə idi. İslam alimləri belə bir şey yazmağa ehtiyyat eləyirlər, İzzət də yazıbsa Allah onun köməyi olsun.
- Yəni razılaşdın ki, müğənni kitab yaza bilər?!
- Belə deyək, indiki cəmiyyətdə süpürgəçi də kitab yaza bilər.
- “Müasir qəzəl yazanlardan kimsə varmı?
- Əgər gənclər nəzərdə tutulursa, bəli, var. Bunlardan Vəlixan, Dadaş, Valeh və s.
- Sən də əvvəllər klassik ədəbiyyatla maraqlanmısan, qəzəllərin də olub. Bəs indi niyə yazmırsan?
- Məncə indi qəzəlin zamanı deyil. Bu mənim subyektiv fikrimdir.
- Öz fikrini əsaslandıra bilərsən?
- Əslində qəzəlin tarixinə baxanda görərik ki, qəzəli irfan sahibləri və ariflər yazıblar. Onlar öz ruhi vəziyyətlərini izhar eləməkdən ötrü qəzələ müraciət eləyiblər. Onlar Allahla təmasda olarkən yaşadıqlarını qələmə alırdılar. İndi isə yazarlardan nə arif var, nə də irfan əhli, ona görə də mən hesab eləyirəm ki, qəzəlin vaxtı deyil, amma bu heç də o demək deyil ki, indi əruz yazılmamalıdır. Əksinə, əruz vəznində yazmaq və onu inkişaf elətdirmək lazımdır.
- Adında olan Seyid əlavəsi, dindar olmağından irəli gəlir, yoxsa əslində Seyid nəslindənsən? Birdə ki, bir gənc dindar kimi necə düşünürsən, İslama inanan dindar müəyən çərçvə içində yaşamalıdır, yoxsa öz özü tapmalıdır öz əməllərinin çərçvələrinin?
- Bəli, bu mənim Seyid nəslindən olmağımla əlaqədardır. Mən bir şeyi də qeyd etmək istərdim ki, insanları “dindar”, “namaz qılan” və s. digər katiqoriyalara aid etməyin tərəfdarı deyiləm. Əgər kimsə müsəlmandırsa təbii mütləq ibadət etməlidir. İnsan gündə beş dəfə maddi qida qəbul edirsə, beş dəfə də mənəvi qida almalıdır. Əgər yemək yeyən adama “yemək yeyən” deyilmirsə, onda bəs namaz qılana niyə “namaz qılan” deyilməlidir? Bəli, bütün insanların həm dini, həm də dünyəvi qanunları qəbul etməsi onların çərçivə içində yaşamsına bir subutdur. İnsan mütləq çərçivə içində yaşamalıdır.
- Dahi yazıçı Dostoyevski deyirdi ki, “Dünyanı gözəllik xilas edəcək”. Səncə bu mümkündür? Yoxsa gözəlliyin özünü xilas edən lazımdır?
- Mən məsləhət görərdim ki, əvvəlcə “dahi” sözünü araşdırın. Suala gəldikdə isə xeyr, dünyanı heç vaxt gözəlik xilas etməyib və etməyəcək də. Gözəlik isə nisbi anlayışdır. Yəni, kiməsə görə gözəl olan bir şey, mənimçün çox eybəcər də ola bilər. Ya da əksinə.
- Sən Dostoyevskini dahi hesab eləmirsən?
- Mən ona görə demədim, sadəcə olaraq son zamanlar “dahi” sözü yaman məşhurlaşıb.
- İlqar Fəhmi kimdir sənə görə? Onu niyə bu qədər şişirdirsən?
- İlqar Fəhmi mənə görə elə İlqar Fəhmidir. Və onu şişirtməyə heç ehtiyac da yoxdur. Çünki o özünü çoxdan təsdiq etmiş birisidir.
- Əgər sənə seçim imkanı versələr, ilahiyyatı seçərdin, yoxsa ədəbiyyatı? Deyilənlərə görə, “Qurani-Kərim”də insanın surətinin rəsm, eləcə də yazıyla təsviri haram buyurulub?
- Mənim seçim imkanım öz əlimdədir və mən artıq İlahiyyatı seçmişəm. Çünki, İlahiyyata ədəbiyyat, həm mədəniyyət, həm incəsənət və həm də digər şeylər daxildir...
Söhbətləşdi: Əli Əlioğlu (Dövlət Radiosu və 525-ci Qəzet)
Davamı...
Baxış sayı: 10
Açar sözlər:
